Uşaqların sosial mediada şəxsi həyat hüququ və hüquqi müdafiə mexanizmləri
Rəqəmsal dünyada artan imkanlar və eyni zamanda yaranan təhlükələr uşaqların internetlə əlaqəsini getdikcə artırır. “Sharenting” (valideynlərin uşaqları ilə bağlı sosial şəbəkələrdə paylaşım etməsi) və uşaq “influenser”ləri artıq adi bir hal alıb. Amma bu yeni tendensiya uşaqların şəxsi həyatına müdaxilə və onların istismarı baxımından ciddi narahatlıqlara səbəb olur.
İnternet imkanlarının genişlənməsi uşaqların onlayn məkana çıxışını son dərəcə asanlaşdırıb. Bu isə uşaqların özü və ya valideynləri tərəfindən onlarla bağlı məzmunların internetdə daha çox paylaşılmasına gətirib çıxarıb. Artıq valideynlərin uşaqlarının foto və videolarını sosial mediada paylaşması gündəlik bir vərdişə çevrilib. Bu hal üçün hətta xüsusi bir termin də var – “sharenting”, yəni valideynlərin övladları ilə bağlı sosial şəbəkələrdə kontent yaratması. Uşaq influenserlər və “sharenting” “Instagram”, “Facebook” və “TikTok” kimi platformalarda yayılmağa davam etdikcə, bu prosesin doğurduğu narahatlıqlar da artır. Ən böyük risk isə uşaqların valideynlər və şirkətlər tərəfindən maddi qazanc məqsədilə istismara məruz qalmasıdır. Bəs bu şəraitdə qanunlar uşaqların hüquqlarını necə qoruyur?
Beynəlxalq hüquq kontekstində “sharenting” və uşaq influenserlər fenomeni
Hazırda beynəlxalq hüquqda sharenting və uşaq influenserlərə dair ayrıca, spesifik bir hüquqi tənzimləmə yoxdur. Bu, əsasən məsələnin müasir və dinamik xarakteri ilə əlaqəlidir – onlayn məkanın sürətlə inkişafı bu mövzuların hüquqi gündəlikdə yeni yer almasına səbəb olub. Lakin bu o demək deyil ki, beynəlxalq hüquq uşaqların rəqəmsal mühitdəki hüquqlarını tanımır və müdafiə etmir.
BMT-nin 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasının 16-cı maddəsi açıq şəkildə uşağın şəxsi həyatına hörmət prinsipini təsbit edir. Buraya uşağın fotoları, videoları və digər şəxsi məlumatları da daxildir. Konvensiyaya əsasən, 18 yaşına qədər olan şəxslər uşaq hesab edilir, bu isə sosial mediada paylaşılan kontentin həm azyaşlılara, həm də yeniyetmələrə aid olduğunu göstərir.
Beynəlxalq hüquq valideynləri və ya uşağa baxmaqla məsul şəxsləri uşaq hüquqlarının qorunmasında əsas aktor kimi müəyyənləşdirir. Uşağın şəxsi həyatına dair paylaşımlar zamanı ilkin olaraq valideyn razılığı nəzərə alınmalıdır. Valideynlərin həm öz övladları haqqında paylaşım etmək, həm də uşaqların özlərinin onlayn paylaşdıqları materiallara nəzarət etmək öhdəlikləri var. Ancaq bu razılıq prinsipi mütləq deyil. Çünki Konvensiyanın əsas dayağı olan “uşağın üstün mənafeyi” prinsipi valideynlərin sərhədsiz sərəncam haqqını məhdudlaşdırır. Əgər valideyn uşağın mənafeyinə zidd davranırsa – məsələn, onu sosial mediada istismar edirsə – dövlətin müdaxilə hüququ yaranır.
Bu müdaxilə təhsil, sosial xidmətlər, hüquq-mühafizə orqanları və məhkəmə sistemləri vasitəsilə həyata keçirilə bilər. Uşağın rifahı zərər görürsə, hətta valideynlik hüququnun məhdudlaşdırılması və ya uşağın dövlət qayğısına verilməsi tədbirləri gündəmə gələ bilər.
BMT-nin Uşaq Hüquqları Komitəsi 2021-ci ildə qəbul etdiyi 25 nömrəli Ümumi Şərhdə (General Comment No. 25) uşaqların dijital mühitdəki hüquqları ilə bağlı daha konkret tövsiyələr verir. Komitənin fikrincə, valideynlər və qəyyumlar uşaqlar haqqında onlayn məzmun paylaşarkən şəxsi həyat toxunulmazlığı ilə ifadə azadlığı arasında balans qurmalıdırlar. Bundan əlavə, bu məzmunun kommersiya məqsədilə istifadəsinə dövlət tərəfindən ciddi nəzarət edilməlidir.
Komitə bildirir ki, uşağın yaşı və inkişaf mərhələsi nəzərə alınmalıdır. Kiçik yaşlı uşaqlar valideynlərin tam nəzarəti altında olsa da, yeniyetmələrin artıq müəyyən müstəqil ifadə imkanları formalaşır. “Sharenting” daha çox azyaşlılara aid olsa da, uşaq influenser fenomeni əsasən yeniyetmələr arasında geniş yayılıb. Hər iki halda valideynlərin məsuliyyəti qalır: ya özləri paylaşım edirlər, ya da övladlarının etdiklərinə nəzarət etməlidirlər.
Komitənin tövsiyələrinə əsasən:
- Dövlətlər bu sahəyə dair statistik məlumatlar toplamalı,
- müstəqil monitorinq sistemləri yaratmalı,
- və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməlidirlər.
Bundan əlavə, sosial media platformalarının biznes maraqları uşaqlara neqativ təsir etməməlidir. Komitə açıq şəkildə bildirir ki, valideynlər kommersiya məqsədilə paylaşım edərkən uşaqların istismarına yol verməməlidir. Uşaqlar psixoloji təzyiq altında kontent yaratmağa vadar edilməməli, onların təhsilinə və istirahətinə mənfi təsir edəcək tələblərdən uzaq tutulmalıdırlar. Həmçinin uşaqları digərlərinin təhqirinə və ya zorakılığına məruz qoyacaq paylaşımlar da yolverilməz sayılır.
Uşaq influenserliyinə hüquqi yanaşmalar: Beynəlxalq təcrübə və Azərbaycan konteksti
Mövcud vəziyyətin hüquqi aspektlərini geniş kontekstdə dəyərləndirmək üçün bəzi ölkələrin bu sahədə tətbiq etdiyi normativ mexanizmlərə baxmaq zəruridir. Xüsusilə uşaq influenserliyi və “sharenting” praktikaları ilə bağlı riskləri tənzimləməyə yönəlmiş hüquqi çərçivələr Azərbaycandakı müzakirələr üçün müqayisəli hüquq baxımından əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübə: Uşaq influenserliyinin tənzimlənməsi
Uşaq influenserlə bağlı hüquqi tənzimləmələrdə pioner ölkə kimi Fransa çıxış edir. 2020-ci ildə qəbul edilən qanunvericilikdə 16 yaşına qədər uşaqların biznes məqsədləri ilə sosial mediada fəaliyyət göstərməsi üçün valideyn razılığı və dövlət icazəsi tələb olunur. Bu qanun əsasında uşaqlarla bağlı yaradılan sosial media kontentindən əldə edilən gəlirin müəyyən hissəsi ayrıca fonda yığılmalı və uşaq yetkinlik yaşına çatdıqda onun istifadəsinə verilmelidir. Eyni zamanda, uşaqların təhsil və istirahətinin pozulmaması üçün iş saatları məhdudlaşdırılır, sosial mediada uşaqların istismarına yol verən reklamçılar və platformalar barəsində isə ciddi cəzalar nəzərdə tutulur.
ABŞ-da da oxşar qanunlar mövcuddur. 13 yaşına çatmayan uşaqların sosial mediada iştirakına valideyn razılığı tələb olunur. Bundan əlavə, Kaliforniya kimi bəzi ştatlarda uşaqla bağlı kontentdən əldə olunan gəlirin uşağın yetkinlik yaşına çatana qədər ayrıca fonda köçürülməsi qaydası tətbiq edilir.
Avropa Birliyi səviyyəsində isə Ümumi Fərdi Məlumatlar Tənzimləməsi (GDPR) sosial media platformalarına uşaqlarla bağlı məzmun yayımlamaq üçün 16 yaşadək valideyn razılığının alınmasını öhdəlik kimi qoyur.
Uşaq “influencer”liyi və “sharenting”- Azərbaycanda
“Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir”
Ötən il atası ilə birlikdə qoşulduğu canlı yayımlardan tiktoker kimi tanınan uşağın atasını inzibati qaydada 30 sutka həbs etmişdilər. Həmin xəbərdə qeyd olunub ki, “sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir”.
Bəhsi keçən xəbərdə uşağın söyüş söyməsi və bu videolarının paylaşılmasının cəmiyyətdə birmənalı qarşılanmadığı qeyd olunub. Həmçinin xəbərdə azyaşlının üzü senzuralansa da, yazının içində istinad edilən, elə həmən xəbər saytının digər yazısında isə uşağın üzü senzuralanmayıb və adı, məluymatları açıq qeyd olunub.
İstinad edilən xəbərdəki başqa bir problemli kontekst isə, xəbər saytının başqa bir tiktokerin uşağının da üzünü açıq şəkildə paylaşmasıdır.
Yəni həmin xəbərdə bir neçə uşaq hüquqlarına zidd problem var:
- Dövlət qurumunun uşağın atasını həbs etmə səbəbinin uşaq hüquqları yox, məhz söyüşlər, nalayiq ifadələr olması;
- Media qurumunun uşağın adını, atasının ad-soyadını açıq şəkildə verməklə, uşağın məlumatlarını yayması;
- Həmin xəbərdə uşağın üzünü göstərməsələr də, yazının içindəki digər xəbər keçidində həm o uşağın, həm də başqa tiktokerin uşağının üzünün görünməsi.
Mediada uşaqlarla bağlı jurnalist fəaliyyətində etik prinsiplərin pozulması, xüsusilə uşaqların şəxsi həyatına müdaxilə və razılıq olmadan şəxsi məlumatların yayımlanması, onların hüquqlarının qorunmasında ciddi boşluqlara yol açır. UNICEF-in “Uşaqların Mətbuatda Müdafiəsi” təlimatları və bələdçisi, UNESCO-nun “Uşaqların Onlayn Müdafiəsi üzrə Valideynlər və Təhsilçilər üçün Təlimatları və jurnalistika etikası prinsipləri” uşaq hüquqlarının yüksək səviyyədə qorunmasını tələb etsə də, Azərbaycan mediasında bu prinsiplərin tətbiqi formal xarakter daşıyır. Yerli hüquqi mexanizmlərin zəifliyi isə hüquq pozuntularının qarşısının alınmasını çətinləşdirir və uşaqların psixoloji, sosial təhlükəsizliyini risk altına qoyur. Burada yalnız valideynlərin və ya uşağın razılığı məsələsi deyil, jurnalistlərin peşə məsuliyyətini dərk edərək azyaşlının şəxsi həyatına hörmətlə yanaşması əsasdır.
AR qanunvericiliyində boşluqlar və tətbiq problemləri
Azərbaycan qanunvericiliyində uşaqların hüquqları ümumi şəkildə qorunur və valideynlərin himayə hüququ tanınır (Konstitusiya, 17-ci maddə). Ailə Məcəlləsi və “Uşaq hüquqları haqqında” Qanun isə uşaqların üstün mənafeyi və şəxsi toxunulmazlığını təmin edən əsas hüquqi bazanı təşkil edir. Lakin sosial medianın sürətlə inkişaf etdiyi dövrdə uşaq “influenser”liyi və “sharenting” kimi yeni sosial fenomlərin qanunvericilikdə spesifik tənzimləmələrinin olmaması ciddi boşluqlar yaradır.
Hazırda mövcud qanunlar valideynlərin sui-istifadəsi və uşağa təhlükəli davranışlarını aşkar etdikdə valideynlik hüquqlarının məhdudlaşdırılması və ya məhrum olunması mexanizmlərini təqdim edir. Bu, uşaq hüquqlarının qorunması üçün əsas hüquqi alət olsa da, praktiki icraatda ciddi əngəllərlə üzləşir. Dövlət orqanları, xüsusilə yerli icra hakimiyyəti və təhsil müəssisələri, sosial media məzmununun monitorinqi və uşaqların təhlükəsizliyinin təminatı istiqamətində lazımi səyləri göstərmir.
Bununla yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq hüquqlarının müdafiəsi sahəsində nəzarət funksiyasının zəifliyi, sosial mediada valideynlərin uşaqların mənafeyinə zidd paylaşımlarına qarşı effektiv tədbirlərin görülməməsi riskləri artırır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin mövcud monitorinq imkanlarına baxmayaraq, bu sahədə dövlət orqanlarının əməkdaşlığı hələ də zəifdir.
Qanunvericilikdə yaş məhdudiyyətlərinin olmaması, sosial media fəaliyyətinin iş saatlarının və istismara qarşı qoruyucu mexanizmlərin müəyyən edilməməsi, həmçinin uşaq kontentindən əldə olunan gəlirin uşağın gələcək istifadəsi üçün ayrılması kimi mexanizmlərin olmaması mövcud riskləri daha da artırır. Bu baxımdan, qanunvericiliyin təkmilləşdirilməsi və tətbiq mexanizmlərinin gücləndirilməsi zəruridir.
Nəticə olaraq, Azərbaycan qanunvericliyi uşaq influenserlik və sharentingin yaratdığı istismar risklərinə qarşı tam və effektiv müdafiə mexanizmləri təqdim etmir. Konstitusiyanın 17-ci maddəsi və "Uşaq hüquqları haqqında" Qanunun 28-ci maddəsi uşaqların üstün mənafeyinin təmin edilməsini tələb etsə də, medianın bu prinsiplərə əməl etməməsi, xüsusilə azyaşlıların şəxsiyyətinin senzasion şəkildə ifşa olunması onların psixoloji və sosial təhlükəsizliyini ciddi təhlükə altına qoyur. 2024-cü ildə Ombudsman Aparatının tənqid etdiyi kimi, medianın uşaqların hüquqlarını qorumaq sahəsində məsuliyyəti artırmalı, etik standartların real tətbiqi təmin edilməlidir. Eyni zamanda, hüquqi təminatlar ümumi xarakter daşıdığından, uşaq rəqəmsal istismarına qarşı spesifik qaydaların olmaması və dövlət orqanlarının zəif koordinasiyası mübarizəni çətinləşdirir. Bu isə qanunvericilikdə islahatların və praktiki nəzarətin gücləndirilməsini, uşaqların rəqəmsal məkanda effektiv müdafiəsini təmin etmək üçün zəruri addımların atılmasını tələb edir.