Elvin Mustafayevin bir aydır ki, karserdə saxlanıldığı bildirilir

Elvin Mustafayev.Foto: Fərqanə Novruzova

Ailəsi onun səhhətindən ciddi narahat olduqlarını bildirərək dərhal karserdən çıxarılmasını tələb edirlər

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin bir aydır ki, karserdə (cərimə otağı) saxlanıldığı bildirilir.

Atası Əli Musatafayev Meydan TV-yə bildirib ki, Elvin mayın 6-dan 13 saylı cəzaçəkmə müəssisəsinin karserinə salınıb. Daha sonra isə 6 saylı cəzaçəkmə müəssisəsinin karserinə göndərilib və oradan iyunun 29-da çıxacaq.

Ailəsi onun səhhətindən ciddi narahat olduqlarını bildirərək dərhal karserdən çıxarılmasını tələb edirlər.

Vəkili Zibeydə Sadıqova Meydan TV-yə deyib ki, Elvin Mustafayevin cərimə otağına salınması ilə bağlı cəzaçəkmə müəssisəsinin qərarları ilə tanış olmaq üçün Penitensiar Xidmətə müraciət edib.

“Təəssüf ki, Penitensiar Xidmət müraciətimə cavab vermədi. “Qaynar Xətti”nə zəng etdim. Onda müəyyən edə bildim ki, Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsindədir və cərimə otağındadır. Məsələ ilə bağlı təkrar Penitensiar Xidmətə, həmçinin də Ombudsmana müraciət edəcəyəm”.

Zibeydə Sadıqova Elvin Mustafayevin səhhətindəki problemlərdən danışıb və bildirib ki, Mustafayev uzun müddət cərimə otağında saxlanıla bilməz:

“Onun mədə xəstəlikləri var. Mədəsindəki problemlər dişlərində də ağrılar yaradır. Ona stress, əsəb olmaz, belə olanda onun dişlərində fəsadlar yaranır. Hətta istintaq dövründə və məhkəmə proseslərində onun səhhəti ilə bağlı problemlərini qaldırmışıq ki, müalicə olunsun. Çox güman ki, bu xəstəlikləri qalıcıdır. O, təməlli müayinə və müalicə olunmalıdır”.

Elvin Mustafayev 2025-ci il mayın 6-dan müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlayandan sonra cəza çəkdiyi müəssisənin karserinə salınmışdı.

Sonradan onun saxlanıldığı müəssisə dəyişdirilmişdi, lakin bu barədə ailəsinə məlumat verilməmişdi.

O,  2023-cü il avqustun 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Mustafayev ittihamları qəbul etmir və üzərinə narkotik maddənin qoyulduğunu bildirir.

 2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.

Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.  

Ana səhifəSiyasətElvin Mustafayevin bir aydır ki, karserdə saxlanıldığı bildirilir
OSZAR »